Hazırda Rusiya Federasiyası Dövlət Duması, Federasiya Şurası, politoloqlar və ekspertlərdən ibarət nümayəndə heyəti Bakıda səfərdədir. “Spravedlivaya Rossiya” Partiyasının Parlament Qrupunun sədr müavini, Dumanın Dövlət quruculuğu və qanunvericilik Komitəsinin sədr müavini Mixail Yemelyanov fürsətdən istifadə edərək “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan-Rusiya əməkdaşlığının cari vəziyyəti və perspektivləri, həmçinin regiondakı proseslər barədə məlumat verib.
- Azərbaycanla ikitərəfli əməkdaşlığın genişləndirilməsi məqsədilə Dövlət Duması yeni sənədələrin nəzərdən keçirilməsini planlaşdırırmı?
- Dövlət Dumasının İqtisadi siyasət Komitəsinin xətti ilə ilk növbədə iqtisadiyyat sahəsində yeni sazişlərin hazırlanması mümkündür. Məndə olan məlumata görə, Azərbaycan-Avrasiya İqtisadi Birliyi formatında əməkdaşlığa dair məsləhətləşmələr aparılır. Bu, həm Azərbaycan, həm də Rusiya üçün müsbət hal ola bilər, çünki artıq iqtisadiyyatlarımız sıx təmasdadır. Bu səbəbdən, gömrük maneələrinin aradan qaldırılması, fitosanitar nəzarəti sahəsində siyasətin razılaşdırılması və s. qarşılıqlı ixrac və idxal əməliyyatlarını sadələşdirə bilərdi.
- Ümumilikdə, Azərbaycan-Rusiya ikitərəfli münasibətləri necə dəyərləndirirsiniz?
- Münasibətlər yüksələn xəttlə inkişaf edir. Anlamaq lazımdır ki, bu cür inkişafın təməli ölkələrimizin milli maraqlarını adekvat qiymətləndirən iki prezidentin şəxsiyyətləridir. Hazırda doğma və ya yad olmanın müəyyən olunması üzrə əsas meyar suverenliyə münasibətdir. Yəni, dövlət özü ehtiyatlarından istifadə etmək və onları xalqın rifahı naminə istifadə etmək istəyir. Və ya ölkəni talayan transmilli şirkətləri dövrəyə buraxırlar. Həm Azərbaycan, həm də Rusiya suveren dövlətlərdir, və həm Putin, həm Əliyev üçün ön planda suverenlik durur.
Suverenliyin nədən ibarət olduğunu bir daha təkrar edirəm,bu, yalnız bayrağı ucaldaraq suveren olduğumuzu bəyan etmək deyil, öz ölkənin ehtiyatlarını xalqın rifahı naminə sərf etməkdir. Bu tam qapalı olmaq anlamına gəlmir. Buyurun, həm biz, həm Azərbaycan transmilli şirkətlərlə çalışırıq. Lakin, ilk növbədə, ölkədə qalacaq payın hissəsi vacibdir. Çünki Putindən əvvəl məhsulların bölgüsü üzrə “Saxalin-1” neft-qaz layihəsi tətbiq olunurdu. Belə ki, bu müqaviləyə əsasən Rusiyanın qərb şirkətlərinə borcu olduğu aydın oldu.
Görünür, Azərbaycanda da bu cür sistem tətbiq etmək istərdilər, lakin İlham Əliyev buna imkan vermir. Buna görə o pisdir, bu səbəbdən Azərbaycan pisdir, onu da Rusiya kimi, bütün beynəlxalq formatlarda “tərbiyə edirlər”. Rusiya və Azərbaycan liderləri suveren olduqlarını hiss etmək istəyirlər, mövqelərin üst-üstə düşməsinin səbəbi budur.
Ancaq bunun həmçinin vətəndaş cəmiyyətinin səyləri ilə möhkəmlənməsini istərdik.
- Regional və beynəlxalq proseslər barədə sual verməyə bilmərəm. Son zamanlar RF rəhbərliyi müxtəlif səviyyələrdə Ermənistanın yeni baş naziri Nikol Paşinyanın yürütdüyü siyasətdən narazılıq ifadə edir. Onu Moskvanın maraqlarına xəyanətdə, qarşılıqlı etimadın pozulması, qərbyönümlü xarici siyasətin inkişafında ittiham ediblər. Bununla əlaqədar cari vəziyyəti siz necə qiymətləndirirsiniz?
- Hazırda vəziyyət açıq şəkildə müzakirə olunmur. Lakin, bir siyasətçi olaraq deyə bilərəm ki, Nikol Paşinyanın hakimiyyətə kimin gətirdiyi tam aydındır. Əgər Paşinyan hər hansı anti-Rusiya tədbirləri görməsə belə, misal üçün, Rusiya bazasının Gümrüdən çıxarılmasına israr etməsə və s., buna baxmayaraq, Ermənistan cəmiyyətində Rusiyaya qarşı o qədər də loyal olmayan münasibətin formalaşması üçün addımlar atılır. Yəni, söhbət universitelərdə tədrisin necə dəyişməsi, müəyyən KİV tərəfindən məlumatın hansı tərzdə təqdim olunmasından gedir.
Buna görə, aydındır ki, Paşinyan qərbin layihəsidir. Rusiyayönümlü siyasətçilərlə necə rəftar etməsi bunu sübut edir. Onların nə etdiklərinə, onların ünvanına ittihamların doğru və ya yanlış olduğuna qiymət verməyəcəm. Ancaq onlar Rusiya barəsində bir qədər loyal siyasət yürüdüblər, yeni baş nazir onlarla hesablaşır. Bir daha təkrar edirəm, Paşinyanın qərbin layihəsi olduğu mənim üçün aydındır. Digər məsələ ondan ibarətdir ki, bundan sonra Qərb nə edəcək. Budur, onu (Paşinyanı – R.B.-nin şərhi) hakimiyyətə gətirdilər. Sonra nə baş verəcək? Gözləyək...
- O zaman İrəvanın Rusiya ilə birlikdə Suriyaya humanitar yardım göndərmək istəyi nə ilə diktə olunur? KİV-in məlumatına görə, bununla əlaqədar Vaşinqton Ermənistan XİN başçısı Zöhrab Mnatsakanyanın ABŞ-a planlaşdırılan səfərini təxirə salıb.
- Düşünürəm ki, Ermənistan tərəfi qərbyönümlü istiqamətdə bir qədər artıq hərəkət etdiyini anlayıb və Rusiyanı sakitləşdirmək üçün bəzi ddımlar atmaq qərarına gəlib. Buna baxmayaraq, siyasətin daxili məzmunu vacibdir. Əsas şəxsi hakimiyyətə gətirənin kim olmasıdır. Mən öz mövqeyimi ifadə edirəm, bu mənim üçün vacibdir.
Ukrayna, Gürcüstan, indi isə Ermənistanda çevrilişlər zamanı amerikalılar yerli əhalinin hakimiyyətin dəyişməsindən hər şeyin dəyişəcəyinə dair sadəlövh inamından istifadə ediblər. Yanukoviçin əvəzinə Poroşenko, Sarkisyanın yerinə Paşinyan gələcək və sehirli çubuğu yelləməklə korrupsiyaya son qoyulacaq, həyatın rifahı yaxşılaşacaq, ədalət bərpa olunacaq. Lakin bunlar daha dərin şeylərdən asılıdır. Cəmiyyəti dəyişmək, makroiqtisasdi təməlləri dəyişdirmək lazımdır. Bundan sonra sosial özül, daha sonra isə siyasi tərkib dəyişəcək. Cəmiyyətin təməlinə toxunmadan yuxarıları dəyişməklə heç nəyə nail olmaq mümkün deyil. Bu səbəbdən, inqilablar öz ölkələrinin maraqlarına qarşı yönəlib. Bütün bu inqilabçılar... Buna görə Putin və Əliyev müxalifəti konstruktiv və qeyri-konstruktivə bölüblər, bu lidrlərimizin tam təsdiq olunmuş mövqeyidir.
- Ermənistanda Nikol Paşinyanın hakimiyyətə gəlməsi ilə Qarabağ nizamlanmasında irəliləyiş gözləməyə dəyərmi? Misal üçün, bu yaxınlarda Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan məqaləsində qeyd edib ki, “Ermənistanın sabiq üç prezidentindən fərqli olaraq, N.Paşinyanın Qarabağ məsələsi ilə bağlı proqramı məlum deyil”.
- Yəni, sətirlər arası oxusaq bu deməkdir ki, əgər Paşinyanda yoxdursa, demək Qərbdə də yoxdur. Heç bir proqram. Heç ola bilməz, çünki açıq desək, Qərb Qafqazda münasibətləri pozub və düzəltmək niyyətində deyil. Bu, regionda bütün geosiyasi vəziyyətin idarəolunması üçün vasitədir. Bu həm Azəraycanın və qismən Ermənistanın, mühüm dərəcədə Rusyanın və Türkiyənin idarə olunmasıdır.
Dağlıq Qarabağ münaqişəsi həll olunarsa Qərb sadəcə Qafqazda vəziyyətə təsir mənbəyindən məhrum olacaq. Aydın məsələdir ki, Qarabağ münaqişəsi həll olunandan sonra Qafqazda əsas oyunçular qismində yenidən regional dövlətlər, ilk növbədə Rusiya və Türkiyə qalır. İldən ilə Moskva və Ankara arasında münasibətlərin yaxşılaşmasını nəzərə alaraq, bu region ümumilikdə Qərb üçün bağlı ola bilər. Təbii ki, bu onların maraqlırında deyil. Ona görə, heç bir proqram yoxdur, Qarabağ probleminin həlli məsələsində Paşinyan tərəfindən heç bir müsbət addım gözləməyə dəyməz.
- Sizin fikrinizcə ABŞ-ın “Orta və yaxın mənzilli ballistik raketlərin ləğvi haqqında” müqavilədən çıxması nə ilə nəticələnəcək?
- Bu aydındır... gızğın silahlanmaya, beynəlxalq vəziyyətin gərginləşməsinə gətirəcək. Dünyanın yenidən bölünməsi, güc balansının dəyişilməsi mərhələsində olduğumuz aydındır. Sovet İttifaqının süqutundan sonra balansın dəyişilməsi birqütblü dünyanın yaranmasına gətirdi. İndi birqütblü dünyanın artıq mövcudluğunun mümkün olmadığı ikinci mərhələdir. Lakin ABŞ hər vəchlə onu qoruyub saxlamaq isyəyir. Onlar incə güc rejimindən birbaşa silahlı müdaxilə rejiminə keçirlər. Müqavilədən çıxış da bununla əlaqədardır. Rusiyanın cavab vermək imkanları var.
- Əksər ekspertlərin birgə rəyinə görə, Trampın bu addımı həmçinin Çinə qarşı yönəlib.
- Əlbəttə. ABŞ-ın yxarıda qeyd olunan müqavilədən çıxması yalnız Rusiyaya qarşı yönələn addım deyil. Baxmayaraq ki, söhbət 1988-ci ildə SSRİ və ABŞ arasında imzalanan müqavilədən gedir. Burada həmin raketlərə malik olan İngiltərə və Fransa iştirak etmir. Və, əldəttə ki, Çin iştirak etmir. Pekinin Vaşinqtonun əsas geosiyasi düşməni olacağını nəzərə alaraq, onlar raketləri Çinin yaxınlığında yerlışdirmək istərdilər. Bunun anti-Çin oyunun olması da aydın məsələdir. Rusiya bunu olduğu kimi qəbul edir. Bizim öz raketlərimiz var, hazırladığmız layihələr var, zəruri sayda raketlər yaradacağıq. **
Söhbət etdi Rasim Babayev