Azərbaycan Müdafiə Nazirliyi Ermənistan müdafiə naziri David Tonoyanın ölkəsinin hərbi strategiyasının müdafiədən hücuma dəyişdiyi barədə bəyanatını diletantlıq hesab edir.
Öncə Ermənistan müdafiə naziri David Tonayan ölkənin icimai televiziyası vasitəsilə çıxış edərək İrəvanın öz hərbi strategiyasını müdafiədən hücuma dəyişdiyini bildirib.
“D.Tonoyan mülki şəxsdir və hərbi strategiyanın, daha dəqiq desək müdafiə və hücumun nədən ibarət olduğundan tam anlayışı yoxdur. 2016-cı ilin aprel döyüşləri (Qarabağ münaqişəsi zonasında - İF) o, müdafiə nazirinin müavini olduğu vaxtda, həmçinin 2018-ci ilin may ayında Günnüt əməliyyatı zamanı (Naxçıvan MR-da - İF) artıq müdafiə naziri olarkən “hücuma keçmək” istəyən erməni ordusunun döyüş meydanından necə qaçdığının şahidi olmuşuq”, - “İnterfaks-Azərbaycan”a nazirlikdən bildiriblər.
“D.Tonoyanın hərbi sahədə diletant olduğunu nəzərə alaraq qeyd edə bilərik ki, bu populist fikirlər yalnız daxili auditoriya üçün nəzərdə tutulub və hərbi baxımdan heç bir əhəmiyyət kəsb etmir”, - nazirlikdən vurğulanıb.
Qeyd olunub ki, Azərbaycan Ordusunun bütün istiqamətlərdə erməni ordusundan üstün olduğunu və imkanlarının müqayisəedilməz olduğunu D.Tonayan özü etiraf edib. Y”axın gələcəkdə Ermənistan ordusunun Azərbaycan ordusunu nəinki ötüb-keçmək, hətta Ordumuzla heç bir sahədə müqayisə olunmaq perspektivi belə yoxdur", - nazirlikdən əlavə ediblər. **
F.İsazadə