Prezident İlham Əliyev Bakı və Tbilisi arasında hərtərəfli əməkdaşlığın uğurlu olduğunu qeyd edir.
“Biz bütün sahələrdə uğurlu əməkdaşlıq edirik və bu əməkdaşlıq gündən-günə dərinləşir. Siyasət, iqtisadiyyat, mədəniyyət, nəqliyyat, energetika sahələrində çox gözəl nəticələr var. Əslində, elə bir sahə tapmaq çətindir ki, biz o sahədə əməkdaşlıq etməyək. Əlbəttə ki, gələcək əməkdaşlıqla bağlı bizim çox aydın fikirlərimiz var. Əminəm ki, səfər zamanı biz gələcək əməkdaşlıq istiqamətlərini müzakirə edəcəyik”, - deyə o, bu gün Bakıda Gürcüstan prezidenti Salome Zurabişvili ilə təkbətək görüşdə bildirib.
Dövlət başçısı S.Zurabişvili səfərinin Gürcüstan-Azərbaycan dostluq əlaqələrinin inkişafına töhfə verəcəyinə əminlik ifadə edib.
“Əminəm ki, aparacağımız müzakirələr bir daha təsdiqləyəcək ki, Gürcüstan və Azərbaycan bir-birinə çox yaxın ölkələrdir və birgə apardığımız işlər böyük nəticələr verir”, - deyə İ.Əliyev vurğulayıb.*
R.Babayev