Ər-Riyad Azərbaycanın enerji sektoruna investisya qoyuluşları üçün “Yol Xəritəsi”nin tərtib olunmasını təklif edir. Bu barədə Energetika Nazirliyinin məlumatında deyilir.
Energetika naziri Pərviz Şahbazov və Səudiyyə Ərəbistanı Krallığının Baş İnvestisiya Qurumunun rəhbəri İbrahim bin Əbdülrəhman əl-Ömər Bakıda ikitərəfli münasibətlərin iqtisadi, o cümlədən enerji sahəsində inkişafı, yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi və investisyaların cəlbi ilə bağlı məsələləri müzakirə ediblər.
P.Şahbazov qeyd edib ki, Səudiyyə Ərəbistanı ilə əməkdaşlıq əlaqələri OPEC+ çərçivəsində, eləcə də ikitərəfli formatda inkişaf edir.
“İ.əl-Ömər isə bildirib ki, Səudiyyə Ərəbistanı Azərbaycanla kənd təsərrüfatı, turizm, nəqliyyatla yanaşı enerji sektorunda əməkdaşlığı genişləndirməkdə və investisya qoymaqda maraqlıdır. Bunun üçün “Yol Xəritəsi” tərtib olunmalı və şirkətlərin qarşılıqlı fəaliyyəti təmin edilməlidir”, - deyə məlumatda vurğulanır.
Görüşdə neft-kimya, qaz emalı sahələrində Səudiyyə Ərəbistanı şirkətlərinin iştirakı, eləcə də bərpa olunan enerji üzrə “ACWA Power” şirkəti ilə Anlaşma Memorandumunun imzalanması barədə fikir mübadiləsi aparılıb.*
N.Abbasova