2018-ci ildə Gəncə Avtomobil Zavodu ümumilikdə 92,8 mln. manat (54,6 mln. dollar) dəyərində məhsul istehsal edib. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə hökumətdən məlumat verilib.
"2018-ci ildə zavodda 1303 ədəd MTZ traktoru, 697 ədəd traktor qoşqusu, 58 ədəd KAMAZ, 100 ədəd URAL, 9 ədəd HALLER məişət tullantıları daşıyan maşın və digər texnika istehsal edilib. İstehsal olunmuş məhsulun ümumi dəyəri 92,8 mln. manat təşkil edib", - deyə məlumatda qeyd olunur.
Hökumətin məlumatına görə, ötən il Naxçıvan və Neftçala avtomobil zavodlarında da minik avtomobilləri yığılıb. Xüsusilə Naxçıvanda 278 ədəd “Nazlifan”, Neftçalda isə 1,008 min ədəd «Khazar» markalı avtomobil istehsal olunub.
1986-cı ildə əsası qoyulmuş Gəncə Avtomobil Zavodunun istehsal gücü 30 min ədəd ortatonnajlı avtomobil istehsalı üçün hesablanıb. Müəssisənin tikintisi layihəyə görə 1989-cu ilin sonlarına qədər başa çatmalı idi. Lakin SSRİ-nin dağılması nəticəsində zavodun tikintisi dayandırılıb. Zavod 2004-cü ilin dekabrında işə düşüb.*
A.Əzizov