Azərbaycan İrana üçüncü ölkələrin bazarlarına çıxışı olan birgə müəssisələr yaratmağı təklif edir. Bunu Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
"Azərbaycanda kifayət qədər sənaye parkı yaradılıb və burada biznesin aparılması üçün hər cür şərait mövcuddur. Biz İran şirkətlərinə bu sənaye parklarında birgə müəssisələr yaratmağı təklif edirik", - deyə Ş.Mustafayev bu gün Bakıda keçirilən Azərbaycan-İran biznes forumunda bildirib.
Nazir vurğulayıb ki, Azərbaycan digər ölkələrin bazarlarına çıxmaq üçün yaxşı imkanlara malikdir və birgə müəssisələrin məhsulları uğurla ixrac edilə bilər. "Bundan əlavə, biz sizin biznes təkliflərinizi nəzərdən keçirməyə və lazım gələrsə, ölkədə yeni sənaye parkları və məhəllələr yaratmağa hazırıq", - deyə Ş. Mustafayev qeyd edib.
Ticarət əlaqələrinə toxunan nazir vurğulayıb ki, 2018-ci ildə İran və Azərbaycan arasında ticarət dövriyyəsi 74% artıb. "Nə Azərbaycanın, nə də İranın ticarət dövriyyəsinin artım dinamikasının bu səviyyədə olduğu ticarət tərəfdaşı yoxdur", - deyə o bildirib.
Ş.Mustafayev vurğulayıb ki, Azərbaycan və İran ticarət, nəqliyyat, enerji və turizm sahələrində əməkdaşlığın inkişafı üçün yaxşı potensiala malikdir.
İranın iqtisadiyyat və maliyyə naziri Fərhad Dejpəsənd maliyyə sektorunda daha sıx əməkdaşlıqda maraqlı olduqlarını deyib. "Maliyyə sahəsində əməkdaşlıq üçün yaxşı imkanlarımız var, lakin bunun üçün hüquqi baza yaratmalıyıq. Biz, həmçinin birgə müəssisələrin yaradılması üzrə iqtisadi əlaqələrimizin inkişaf etdiyini və bunda böyük potensial olduğunu görürük”, - deyə o qeyd edib.*
B.Rüstəmbəyov