Monteneqro prezidenti Milo Djukanoviç azərbaycanlı həmkarı İlham Əliyevi Podqoritsaya səfərə dəvət edib.
“İ.Əliyevi Monteneqroya səfərə dəvət etdim. Bu səfərin nə zaman baş tutacağı hələlik məlum deyil”, - M.Djukanoviç cümə axşamı Bakıda jurnalistlərə bildirib.
Onun sözlərinə görə, bu gün baş tutan görüş zamanı prezidentlər ikitərəfli münasibətləri müzakirə ediblər. “Məzmunlu söhbət etdik. Monteneqro ilə Azərbaycan arasında münasibətlər əladır. Bu əlaqələr dostluğa əsaslanır, biz onları gələcək inkişaf məqsədilə yeni imkanlarla təkmilləşdiririk”, - prezident vurğulayıb.
M.Djukanoviç bildirib ki, turizm və enerji sahələrində əməkdaşlıq məsələləri iki ölkənin diqqət mərkəzindədir. “Biz turizm layihəsinin reallaşdırılması və İon-Adriatik Qaz Kəməri (IAP) vasitəsilə Xəzər dənizindən qazın Monteneqroya nəqli imkanlarını müzakirə etdik”, - o əlavə edib.
Xəbər verildiyi kimi, 2019-cu ildə “Portonovi Resort Montenegrо” çoxməqsədli kurortun birinci mərhələsinin açılışı olacaq. Layihə Azərbaycanın “Azmont İnvestments” şirkəti tərəfindən reallaşdırılır. Layihəyə investisiyalar 650 mln. avro həcmində qiymətləndirilir. **
F.İsazadə