2019-cu ilin fevral ayında Bakının avtomobil bazarında orta qiymət 48,12 min manat təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “MBA Group” konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov məlumat verib.
Onun sözlərinə görə, əvvəlki ayla müqayisədə avtomobil bazarında orta qiymət 13,27% bahalaşıb.
Ekspert qeyd edib ki, bu ilin fevral ayında paytaxtın avtomobil bazarında 1,738 min avtomobil satışa çıxarılıb.
“Yanvar ayı ilə müqayisədə avtomobil bazarında təkliflər portfeli 1,94% artıb. Satışa çıxarılan avtomobillərin böyük hissəsi, yəni 78,83%-i benzin mühərrikli avtomobillər olub. Dizel mühərrikli avtomobillər portfelin 21,17%-ni təşkil edib. Avtomat sürət qutusu ilə olan avtomobillərin payı 72,32%, mexaniki sürət qutusu olan avtomobillərin payı isə 27,68% təşkil edib”, - N.İbrahimov bildirib.
Onun sözlərinə görə, fevral ayında bazardakı avtomobillərin orta yürüş göstəricisi təxminən 145,839 min kilometr (azalma 3,17%) təşkil edib. Avtomobillərin orta yaşı 10 il olub ki, bu da cari ilin yanvar ayının göstəricisi ilə müqayisədə 0,02% çoxdur.
Ekspert əlavə edib ki, bazarda təklif olunan avtomobillərin orta illik köhnəlmə dərəcəsi 7,11% təşkil edib.
“Eyni zamanda, yaşı 5 ilədək olan avtomobillərdə bu göstərici 6,08%, 5 ildən 10 ilədək olan avtomobillərdə 3,85%, 10 ildən 15 ilədək olan avtomobillərdə 2,82%, 15 ildən 20 ilədək olan avtomobillərdə 1,43%, 20 ildən 25 ilədək olan avtomobillərdə isə 0,74% təşkil edib”, - N.İbrahimov bildirib.**
Ə.Məmmədov