SOCAR və Əfqanıstan neft məhsullarının ticarəti sahəsində dövlət səviyyəsində əməkdaşlığı genişləndirmək niyyətindədir. Bu barədə SOCAR-ın məlumatında deyilir.
SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Əfqanıstan İslam Respublikasının prezidentinin bankçılıq və maliyyə məsələləri üzrə müşaviri Acmal Əhmədi neft məhsullarının ticarəti sahəsində əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
“Əfqanıstana neft məhsullarının xaricdən idxal edildiyini deyən A.Əhmədi, idxalın şaxələndirilməsi məqsədi ilə SOCAR-la əməkdaşlığın yeni müstəviyə qaldırılmasında maraqlı olduqlarını bildirib”, - deyə məlumatda qeyd olunur.
Görüşdə bildirilib ki, SOCAR-ın dizel və kerosin kimi məhsulları artıq Əfqanıstanın yanacaq bazarına idxal olunur. Gələcəkdə Əfqanıstanla Azərbaycan arasında yanacaq məhsullarının idxalı kimi sahələrdə dövlət səviyyəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, imkanlar araşdırılıb. İşçi qruplarının vasitəsi ilə əməkdaşlıq imkanlarının dəqiqləşdirilməsi üçün müşavirələrin keçirilməsi ilə bağlı ilkin razılıq əldə olunub.
SOCAR-ın məlumatına görə, şirkət müxtəlif əməliyyatları, o cümlədən, satış, nəql və ticarət əməliyyatlarını bütün qitələrdə, 40-dan artıq ölkədə, 100-dən artıq satış məntəqəsi rasında həyata keçirir. Şirkət, həmçinin ilbəil yeni bazarlara daxil olmaq və mövcud bazarlarda əməliyyatlarını inkişaf etdirmək imkanlarını araşdırır.*
N.Abbasova