2019-cu il fevralın 1-nə Azərbaycan əhalisinin sayı 9 mln. 988,437 min nəfər təşkil edir ki, bu da 2018-ci ilin sonuna olan göstəricidən 0,1% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Əhalinin 52,8%-i şəhər, 47,2%-i isə kənd sakinləridir. Əhalinin 49,9%-ni kişilər, 50,1%-ni qadınlar təşkil edir.
Azərbaycanda hər 1000 kişiyə orta hesabla 1003 qadın düşür.
Yanvar ayında ölkə üzrə 12,369 min doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 14,8 təşkil edib. Körpələrin 298-i əkiz, 9-u isə üçəm doğulanlardır.
Qeyd olunan dövrdə 5,432 min ölüm halı qeydə alınıb və əhalinin hər 1 min nəfərinə ölənlərin sayı 6,5 təşkil edib.
Yanvar ayında ölkədə qeydiyyat şöbələri tərəfindən 4,422 min nikah (2018-ci ilin analoji dövrü ilə müqayisədə artım 2,1% - İF) və 1,428 min boşanma halı (artım 16,1%) qeydə alınıb.
Bu dövrdə Dövlət Miqrasiya Xidməti və Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycana daimi yaşamaq üçün 141 nəfər gələn və 43 nəfər ölkədən gedən qeydə alınıb.*
R.Babayev