Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı ilə iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu qeyd edir. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Prezident İ.Əliyev Səudiyyə Ərəbistanı Krallığının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falihlə görüşdə iki ölkə arasında siyasi sahədə əlaqələrin inkişafından məmnunluğunu ifadə edib, Azərbaycanda və Səudiyyə Ərəbistanında hazırda iqtisadiyyatın şaxələndirilməsi üzrə böyük işlərin həyata keçirildiyini qeyd edib və bunun iqtisadi əməkdaşlığımızın genişləndirilməsi üçün yaxşı imkanlar yaratdığını deyib”, - deyə məlumatda bildirilir.
İ.Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın ədalətli mövqeyinə Səudiyyə Ərəbistanı Krallığının göstərdiyi davamlı dəstəyi yüksək qiymətləndirib və bunu dostluq münasibətlərinin təzahürü kimi dəyərləndirib.
Dövlət başçısı Səudiyyə Ərəbistanından Azərbaycana gələn turistlərin sayının artdığını qeyd edərək, bunun ölkələrimizin və xalqlarımızın bir-birinə daha da yaxınlaşması işinə xidmət etdiyini vurğulayıb.
Xalid Əbdüləziz Əl Falih ölkəsinin Azərbaycanın ərazi bütövlüyünün və təcavüz nəticəsində pozulmuş suverenliyinin bərpası işinə tam sadiq olduğunu vurğulayıb. O qeyd edib ki, Azərbaycanın möhkəmlənməsi, iqtisadi inkişafı və iqtisadiyyatının şaxələndirilməsi istiqamətində gedən işlər Səudiyyə Ərəbistanında böyük maraqla izlənilir.
Görüşdə Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən enerji sahəsində uğurla inkişaf etdiyi bildirilib, Səudiyyə Ərəbistanı Krallığının “Saudi Aramco” şirkətinin Bakıda ofisinin açılması yüksək qiymətləndirilib, əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər, həmçinin Bakıda keçirilən “OPEC plus” ölkələrinin iclası ilə bağlı məsələləri də müzakirə ediblər.*
R.Babayev