Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası beynəlxalq təşkilatlara müraciət edərək Azərbaycan-Ermənistan sərhədini keçmiş və erməni hərbçilərin açdığı atəş nəticəsindən yaralanmış ruhi xəstə olan Qazax rayon sakininin qaytarılmasına köməklik etməyi xahiş edib.
“Qazax rayonlararası ruhi xəstəxanasında qeydiyyatda olan Yuxarı Salahlı kənd sakini Elvin İbrahimov martın 15-dən 16-na keçən gecə Ermənistanın Noyemberyan rayonu ilə sərhəd xəttində yolu azaraq qarşı tərəfə keçib. E.İbrahimov sərhədi keçərkən Ermənistan hərbçiləri tərəfindən açılmış atəş nəticəsində yaralanıb”, – deyə müraciətdə bildirilir.
Qeyd olunur ki, aidiyyəti beynəlxalq təşkilatlar E.İbrahimovun yaralanması və Ermənistan hərbçiləri tərəfindən saxlanılması faktını təsdiq edərək həyatı üçün təhlükənin olmadığını bildiriblər.
Daha əvvəl Dövlət Sərhəd Xidməti (DSX) E.İbrahimovun Ermənistan ərazisinə keçməsi barədə məlumat yaymışdı.
“Ermənistan Respublikasının bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasının vətəndaşının sərhəd pozucusu qismində saxlanılması barədə məlumat yayılıb. Bu məlumatla əlaqədar Dövlət Sərhəd Xidməti bildirir ki, mart ayının 15-dən 16-a keçən gecə Azərbaycan Respublikası ərazisindən müqabil istiqamətdə 1 nəfər naməlum şəxsin dövlət sərhədini pozması qeydə alınıb, həmin şəxsin Qazax rayonunun Yuxarı Salahlı kənd sakini, 29.10.1986-cı il təvəllüdlü İbrahimov Elvin Arif oğlu olması müəyyən olunub. Araşdırma zamanı həmin şəxsin ruhi əsəb xəstəliyi ilə əlaqədar 2-ci qrup əlil olması məlum olub”, - deyə məlumatda bildirilir.
“Azərbaycan vətəndaşı Ermənistan sərhədini keçməyə cəhd edərkən zərərsizləşdirilib”, - deyə bu gün Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan bildirib.
“Aşağı ətraf nahiyəsindən yaralanan şəxsə ilkin tibbi yardım göstərilib. Onun həyatı üçün təhlükə yoxdur”, - deyə o qeyd edib.*
R.Babayev