“OPEC+” iştirakçılarının öhdəliklərini yerinə yetirməsi cari ilin sonuna kimi neft bazarında tarazlığı təmin edəcək. Səudiyyə Ərəbistanı Krallığının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falih belə hesab edir.
Bakıda “OPEC plus” ölkələri Nazirlərinin birgə Monitorinq Komitəsinin 13-cü iclası çərçivəsində energetika naziri Pərviz Şahbazovla Xalid Əbdüləziz Əl Falih 2019-cu ildə neftə qlobal tələbat və OPEC ölkələrində gözlənilən hasilat, fevral ayı üzrə öhdəliklərin icra vəziyyəti, eləcə də qlobal iqtisadiyyatın inkişaf dinamikası ətrafında fikir mübadiləsi aparıblar.
“Xalid Əbdüləziz Əl Falih ilin sonuna kimi bazarda tələb-təklif tarazlığının gözlənilməsi və qiymətlərdə volatilliyin aradan qaldırılması üçün “OPEC plus” iştirakçılarının öhdəliklərini yerinə yetirmələrinin vacibliyini vurğulayıb. O, prezident İlham Əliyevin “OPEC plus” formatının yaradılmasında liderlik rolunu və Azərbaycanın fəal iştirakını, neft bazarının tənzimlənmə prosesinə töhfəsini xüsusi qeyd edib”, - deyə Energetika Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilir.
P.Şahbazov “OPEC plus” əməkdaşlıq formatını neft qiymətlərinin sabitləşməsi və bazarda balansın qorunmasında səmərəli və çevik mexanizm kimi qiymətləndirib.
Tərəflər, həmçinin iki ölkə arasında enerji sahəsində yeni əməkdaşlıq əlaqələrini, “Saudi Aramco” şirkətinin fəaliyyətini və digər məsələləri də müzakirə ediblər.*
N.Abbasova