Azərbaycan Rusiya Federasiyasının Zabaykal diyarının Krasnokamen rayonundan heyvan və heyvan mənşəli məhsulların idxalına müvəqqəti məhdudiyyət qoyub. Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilir.
“Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən Rusiya Federasiyasının Zabaykal diyarının Krasnokamen rayonu ərazisində dabaq xəstəliyi qeydə alınıb. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikasının baş dövlət baytarlıq müfəttişi tərəfindən Rusiya Federasiyasının Zabaykal diyarının Krasnokamen rayonu ərazisindən heyvan və heyvan mənşəli məhsulların idxalına müvəqqəti məhdudiyyət qoyulması qərara alınıb”, - məlumatda deyilir.
Nəzarət tədbirlərinin gücləndirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Rusiya Federasiyasının Zabaykal diyarlarından birbaşa və ya qeyd edilən ərazilərdən tranzit olaraq keçməklə Azərbaycan Respublikasının ərazisinə gələn nəqliyyat vasitələrinin gömrük sərhəd-buraxılış məntəqələrində dezinfeksiya edilməsi ilə bağlı Azərbaycan Dövlət Gömrük Komitəsinə aidiyyəti üzrə müraciət olunub. **
R.Babayev