2018-ci ildə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti $6 mlrd. 51,1 mln. təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan məlumat verilib.
Xəbər verildiyi kimi, 2017-ci ildə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti $1 mlrd. 684,5 mln. təşkil edib. Beləliklə, 2018-ci ildə profisit 3,6 dəfə artıb.
2018-ci ildə Azərbaycanda ÜDM $49,6 mlrd. təşkil edib. Beləliklə, cari əməliyyatlar hesabının profisiti ÜDM-nin 12,2%-nə bərabər olub.
Mərkəzi Bankın saytında dərc olunmuş tədiyə balansına əsasən, 2018-ci ildə neft-qaz sektoru üzrə profisit $12,9 mlrd. (artım 1,7 dəfə), qeyri-neft sektoru üzrə kəsir $6,8 mlrd. (artım 19,6%) təşkil edib.
AMB-nin məlumatına görə, hesabat dövründə cari əməliyyatlar hesabına müsbət təsir edən amillər bunlar olub: xarici ticarət profisitinin 1,6 dəfə artımı, qeyri-neft ixracının 10% artımı, neft-qaz ixracının 1,4 dəfə artımı, xidmətlər üzrə kəsirin 1,6 dəfə azalması və s.
2018-ci ildə xarici ticarət dövriyyəsinin həcmi $31,7 mlrd. təşkil edib və Azərbaycan xarici ticarətdə $9,8 mlrd. məbləğində profisitə malik olub. Xarici ticarət dövriyyəsinin 12%-i MDB, 88%-i uzaq xarici ölkələrin payına düşüb.
$20,8 mlrd. həcmində ixracın strukturunda Azərbaycanın mal ixracının ümumi həcminin 82,7%-i neft-qaz məhsullarının payına düşüb. Neft və neft məhsullarının ixrac həcmi $17,2 mlrd., neft ixracı $16,6 mlrd. təşkil edib.
$11 mlrd. həcmində idxalın strukturunda $4,8 mlrd. istehlak mallarının, o cümlədən $1,5 mlrd. ərzaq mallarının payına düşüb. 2018-ci ildə ölkəyə $1,2 mlrd. dəyərində avadanlıq və xüsusi mallar idxal edilib.*
A.Əzizov