1992-ci ildən Azərbaycanda biznes strukturlarına ümumilikdə 2,3 mlrd. manat güzəştli kredit verilib. Bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.
“Sahibkarlığın İnkişafı Fondu (əvvəllər Sahibkarlığa Kömək Milli Fondu) fəaliyyət müddətində 2,3 mlrd. manat məbləğində güzəştli kredit verib. Maliyyələşdirilən layihələrin ümumi dəyəri 5,1 mlrd. manat təşkil edir”, - deyə o, bu gün jurnalistlərə bildirib.
S.Məmmədovun sözlərinə görə, kreditlərin böyük hissəsi geri qaytarılan vəsaitlərin hesabına verilib.
Xəbər verildiyi kimi, 2018-ci il avqustun 1-də prezident İlham Əliyev “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb. Fərmana əsasən Sahibkarlığa Kömək Milli Fondu (SKMF) ləğv edilib və İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu (SİF) publik hüquqi şəxs təsis edilib. Fondun nizamnamə kapitalı 1 mlrd. 94 mln. 254,581 min manatdır.
2018-ci ildə fondun xətti ilə sahibkarlara 160,2 mln. manat güzəştli kredit verilib. 2019-cu ildə bu məbləğ ən azı 160 mln. manat təşkil edəcək.
SİF 3 il müddətinə 5 min manatdan 50 min manatadək, 5 il müddətinə 50 min manatdan 1 mln. manatadək və 10 il müddətinə 1 mln. manatdan 10 mln. manatadək kredit verir. Kreditlər illik 5%-lə verilir.*
B.Rüstəmbəyov