NATO Bakı-Tbilisi-Qars dəmir yolundan “Qətiyyətli Dəstək” missiyası çərçivəsində Əfqanıstana və geriyə daşımalar zamanı istifadə edir. Bunu Alyansın baş katibi Yens Stoltenberq NATO-nun 70-ci ildönümünə həsr olunan iclasda deyib.
“2017-ci ildə fəaliyyətə başlayan Bakı-Tbilisi-Qars dəmir yolu NATO üzv dövlətləri tərəfindən Əfqanıstana və geriyə daşımalar zamanı istifadə olunur və bu dəmir yolu Alyansın “Qətiyyətli Dəstək” missiyasının uğuruna mühüm töhfə verir”, - deyə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Y.Stoltenberqə istinadən bildirilib.
Baş katib qeyd edib ki, Azərbaycan Alyansın yaxın tərəfdaşıdır, beynəlxalq sülh və təhlükəsizliyin bərqərar olunmasında NATO ilə sıx əməkdaşlıq edir.
“Azərbaycan NATO-nun rəhbərliyi altında Əfqanıstanda həyata keçirilən “Qətiyyətli Dəstək” missiyasına əhəmiyyətli hərbi qüvvə və multimodal tranzit töhfəsi verir”, - deyə məlumatda qeyd olunur.
Bakı-Tbilisi-Qars dəmir yolu 2017-ci il oktyabrın 30-da istismara verilib.
Layihə 68 kilometri Türkiyə, 30 kilometri isə Gürcüstan ərazisindən keçən 98 kilometr uzunluğunda Qars-Axalkalaki dəmir yolunun tikintisi, həmçinin Gürcüstanda 183 kilometrlik Axalkalaki-Tbilisi hissəsinin yenidən qurulmasından ibarət olub. Gürcüstan hissəsinin tikintisi bu ölkəyə ümumilikdə $775 mln. məbləğində iki güzəştli kredit ayırmış Azərbaycan tərəfindən maliyyələşdirilib.*
F.İsazadə