2019-cu ilin yanvar-fevral aylarında Azərbaycanda sığortaçıların ümumi sığorta haqları 132 mln. 818,8 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 2% çoxdur. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) məlumat verilib.
Hesabat dövründə sığortaçıların könüllü sığorta növləri üzrə sığorta haqları 103 mln. 950,5 min manat (azalma 2,6%) və ya bazar üzrə bütün sığorta haqlarının 78,3%-ni təşkil edib. Sığortaçıların həyat sığortası üzrə sığorta haqları 24 mln. 798,8 min manat, qeyri-həyat sığortası üzrə sığorta haqları 79 mln. 151,7 min manat təşkil edib.
Yanvar-fevral aylarında icbari sığorta növləri üzrə sığorta haqları 28 mln. 868,3 min manat (artım 23,5%) təşkil edib.
Hesabat aylarında sığortaçılar könüllü tibbi sığorta (52 mln. 214,4 min manat), həyatın yaşam sığortası (18 mln. 201,8 min manat) və ANVSMMİS (6 mln. 801,5 min manat) üzrə daha çox sığorta haqqı toplayıblar.
Yanvar-fevral aylarında sığortaçılar sığorta hadisələri üzrə ödənişlərə 33 mln. 115,9 min manat yönəldiblər ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 18,2% azdır.
Hesabat dövründə sığortaçıların könüllü sığorta növləri üzrə ödənişləri 21 mln. 337,9 min manat (azalma 28,1%) və ya bazar üzrə bütün ödənişlərin 64,4%-ni təşkil edib. Həyat sığortası üzrə ödənişlər 11 mln. 750,7 min manat, qeyri-həyat sığortası üzrə ödənişlər 9 mln. 587,2 min manat məbləğində olub.
Yanvar-fevral aylarında icbari sığorta növləri üzrə ödənişlər 11 mln. 778 min manat (artım 8,5%) təşkil edib.
2019-cu il mart ayının əvvəlinə Azərbaycanda 21 sığorta şirkəti fəaliyyət üçün lisenziyaya malikdir.*
Ə.Məmmədov