Birbaşa hava əlaqəsinin açılması və transsərhəıd magistral dəmir yolunun inkişafı Bakı ilə İslamabad arasında ticarət-iqtisadi əlaqələrin genişləndirilməsinə imkan yarada bilər. Bunu Pakistanın Azərbaycandakı səfiri Said Xan Mohmand deyib.
“Azərbaycan, Türkiyə və Pakistanı ümumi mədəni dəyərlər birləşdirir. Ölkələrimiz arasında əlaqələr çoxdan qurulub, ticarət dövriyyəsinin artımı üçün potensial var”, - diplomat 11-13 aprel tarixlərində Bakıda keçiriləcək Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli sərgiyə həsr olunan mətbuat konfransında bildirib.
Eyni zamanda, səfir Pakistanla Azərbaycan arasında ticarət əlaqələrinin orta səviyyəsindən təəssüfünü ifadə edib.
“Azərbaycanla Pakistan arasında birbaşa aviareysin açılması ticarət-iqtisadi əməkdaşlığın inkişafı üçün mühüm addımdır. Transsərhəıd magistral dəmir yollarından istifadə də buna şərait yarada bilər. İranın həm Azərbaycan, həm də Pakistanla qonşu olmasını nəzərə alsaq,Bakı və Tehran tərəfindən dəmir yolu infrastrukturunun təkmilləşdirilməsi üzrə zəruri addımların reallaşdırılması regional dövlətlərə ticarət dpvriyyəsini artırmağa kömək edə bilər”, - səfir qeyd edib.
Onun sözlərinə görə, son zamanlar ərzində Bakı və İslamabad arasında qarşılıqlı ticarət dövriyyəsinin həcmi 2016-cı ildə $8,5 mln.-dan 2018-ci ildə $16 mln.-dək artıb.
“Pakistan Azərbaycana düyü məhsulları, tərəvəz ixrac edir, lakin, əfsuslar olsun ki, bu tədarükün həcmi istədiyimiz səviyyədə deyil. Bu nöqteyi-nəzərdən, bu cür sırgilərin keçirilməsi mühümdür”, - S.X.Mohmand bildirib ki, sərgidə 35 Pakistan, 20 Türkiyə və 10-dan artıq Azərbaycan şirkəti iştirak edəcək.
Çərşənbə günü Pakistanın düyü sənayesi assosiasiyasının nümayəndə heyəti Bakıya səfərə gələcək. Nümayəndə heyətinə 12 nəfər daxil olacaq.
“Sərgi qida, turizm, əczaçılıq və digər sahələrə həsr olunacaq”, - səfir əlavə edib. **
R.Babayev