2019-cu il I rübün sonuna Azərbaycanda kart ilə tranzaksiyaların ümumi həcmində nağdsız hesablaşmaların payı 20% təşkil edib. Bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat verilir.
Məlumata əsasən, Mərkəzi Bank ilə MasterCard beynəlxalq kart təşkilatının rəhbər nümayəndələri arasında görüş çərçivəsində ölkədə nağdsız hesablaşmaların inkişafı məsələsi müzakirə olunub.
“Görüş çərçivəsində “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın icrası istiqamətində 2018-ci ildə görülən tədbirlərin yekunları müzakirə olunub. Vurğulanıb ki, görülən tədbirlər nəticəsində 2018-ci il üzrə elektron ödəniş sistemləri vasitəsilə aparılan əməliyyatların həcmi ötən illə müqayisədə 31%, kartlarla aparılan nağdsız əməliyyatların həcmi isə 70% artıb. 2019-cu ilin I rübünün dinamikası da müsbət olmuş və ümumi kart dövriyyəsində nağdsızın payı 20%-ə çatıb”, - məlumatda deyilir.
Görüş zamanı Dövlət Proqramında nəzərdə tutulmuş strateji hədəflərin realizasiyası üzrə növbəti dövr üçün qarşılıqlı fəaliyyət istiqamətləri müzakirə edilib və nəqliyyat sektorunda, təhsil müəssisələrində müasir nağdsız ödəniş imkanlarının yaradılması, yeni innovativ ödəniş həllərinin tətbiqinin genişləndirilməsi, bank əməkdaşlarının peşəkar bilik səviyyəsinin və əhalinin maliyyə savadlılığının artırılması kimi sahələrdə birgə əməkdaşlıq barədə razılığa gəlinib.
Prezident İlham Əliyev 2018-ci il sentyabrın 26-da “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nı təsdiq edib.
Proqramın əsas məqsədi vətəndaş, biznes subyektləri və dövlət strukturları arasında nağdsız ödəniş mühitinin xeyli genişlənməsi, nağd dövriyyənin həcminin minimuma endirilməsi və nəticədə bank sektorunun maliyyə resursları bazasının gücləndirilməsidir. Bu məqsədlə ölkədə rəqəmsal ödəniş xidmətlərinin institusional və hüquqi bazasının gücləndirilməsi, infrastruktur imkanlarının artırılması yolu ilə həmin xidmətlərin çeşidinin, keyfiyyətinin və tətbiq dairəsinin genişləndirilməsi, habelə onlardan istifadənin kütləviləşdirilməsi başlıca strateji prioritetlərdir.
Proqramda qeyd olunur ki, 2018-2020-ci illərdə aşağıda qeyd olunan istiqamətlərdə həyata keçiriləcək tədbirlər nəticəsində nağdsız ödənişlərin illik həcmi artacaq: biznes-mühitin yaxşılaşdırılması ilə bağlı tədbirlər - 1,35 mlrd. manat, vergi sisteminin effektivliyinin artırılması ilə bağlı tədbirlər - 3 mlrd. manat; qeyri-formal məşğulluğun azaldılması - 0,75 mlrd. manat; bank sisteminin sağlamlaşdırılması ilə bağlı tədbirlər - 3,34 mlrd. manat; aktiv pul bazarının formalaşdırılması - 3 mlrd. manat; ödəniş xidmətləri üzrə hüquqi bazanın təkmilləşdirilməsi - 0,6 mlrd. manat; yeni rəqəmsal ödəniş texnologiyalarının tətbiqi - 0,75 mlrd. manat; bank sisteminin rəqəmsallaşdırılması - 0,55 mlrd. manat; əhalinin maliyyə savadlılığının artırılması - 0,35 mlrd. manat.
Rəqəmsal ödənişlərin tətbiqinin və istifadəsinin genişləndirilməsi iqtisadi dövriyyələri şəffaflaşdırmaqla, nağd pulla bağlı xərclərin, bank və müəssisələrin əməliyyat xərclərinin azalmasına gətirib çıxaracaq ki, bu da öz növbəsində, vergi bazasının, habelə əhali və müəssisələrin maliyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsinə, bank sektorunun kreditləşmə və investisiya imkanlarının gücləndirilməsinə və son nəticədə iqtisadi artıma təkan verəcək.**
Ə.Məmmədov