“Azərenerji” ASC cari ilin yayında “Şimal” Elektrik Stansiyasında ikinci buxar-qaz qurğusunu istismara verməyi planlaşdırır. Bu barədə cəmiyyətin mətbuat xidmətinin məlumatında deyilir.
““Şimal-2” Elektrik Stansiyasının tikintisi son aylarda sürətləndirilib və artıq yekunlaşmaq üzrədir. “Şimal-2” Elektrik Stansiyasının enerji blokunda Yaponiyanın “Mitsubishi” şirkətinin mütəxəssisləri ilə birlikdə sazlama işləri davam edir və hər həftənin bir günü qurğu işə salınaraq yoxlanılır. Yay aylarında “Şimal-2” Elektrik Stansiyası istismara buraxılacaq”, - deyə məlumatda bildirilir.
“Şimal-1” və “Şimal-2” elektrik stansiyaları üzrə ümumilikdə il ərzində 5,7 milyard kVts elektrik enerjisi istehsal ediləcək.
““Şimal” Elektrik Stansiyasında (“Şimal-2”) ikinci buxar-qaz qurğusunun tikintisi Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankının ayırdığı 29 mlrd. 280 mln. yapon yeni ($275 mln.-dan çox) məbləğində kredit hesabına həyata keçirilir. Azərbaycana kredit illik faiz dərəcəsi 0,75% olmaqla 10 il güzəşt müddəti ilə 40 il müddətinə verilib. Layihənin ümumi dəyəri $330 mln.-dan çoxdur. Tikinti işlərini Yaponiyanın “Toyo Engineering Corporation” şirkəti həyata keçirir.*
N.Abbasova