Vaşinqton Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair sülh yolu ilə danışıqlar prosesinin davam etdirilməsinə ümid edir. Bunu ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer bəyan edib.
“Biz Dağlıq Qarabağa dair dialoqun davam etdirilməsini səbirsizliklə gözləyirik”, - diplomat Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ABŞ-da gözlənilən görüşünü jurnalistlərə şərh edərkən bildirib.
Onun sözlərinə görə, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllimə dair danışıqların növbəti raundunun dəqiq tarixi hələlik məlum deyil.
“XİN başçılarının Moskvada keçirilən görüşünü alqışlayırıq və yekunlarına dair səslənən bəyanatdan məmnunluq ifadə edirik”, - səfir qeyd edib.
O vurğulayıb ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin məqsədi Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə münaqişə tərəfləri arasında dialoqa yardım etməkdir.
“Münaqişə gücün tətbiq olunmaması, ərazi bütövlüyü və xalqların öz müqəddəratını həll etmək hüququna riayət olunması prinsipləri əsasında həll olunmalıdır”, - diplomat vurğulayıb. **
R.Babayev