Almaniya Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Cənub Qaz Dəhlizinin (CQD) yaradılması layihəsinin həyata keçirilməsini dəstəkləyir. Bunu Almaniyanın Bakıdakı səfiri Mixael Kindsqrab deyib.
"Almaniya CQD-nin yaradılması layihəsinin həyata keçirilməsini dəstəkləyir və Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatçısı kimi çıxış etməsini alqışlayır", - deyə o, bu gün Bakıda keçirdiyi mətbuat konfransında bildirib.
Diplomat vurğulayıb ki, Berlin Bakını Cənubi Qafqaz regionunda etibarlı tərəfdaş hesab edir və Azərbaycan ilə Aİ arasında strateji tərəfdaşlığa dair yeni sazişin imzalanmasını dəstəkləyir.
M.Kindsqrab, həmçinin qeyd edib ki, Azərbaycan və Almaniya 2018-ci ildə 1,4 mlrd. avro təşkil etmiş qarşılıqlı ticarət dövriyyəsinin artırılması üçün yaxşı potensiala malikdir.
Onun sözlərinə görə, Azərbaycanda Almaniya şirkətlərinin fəaliyyəti üçün cəlbedici şərait yaradılıb.
“Ölkələrimiz arasında ikitərəfli əməkdaşlıq bir çox istiqamətlər üzrə inkişaf edir. Lakin biz Azərbaycanla ikitərəfli münasibətlərin ciddi şəkildə genişlənməsində maraqlıyıq və əməkdaşlığın gələcək inkişaf perspektivlərini görürük", - deyə diplomat vurğulayıb.
“Cənub Qaz Dəhlizi” layihəsi Azərbaycan qazının Türkiyə vasitəsilə Avropaya nəqli üçün boru kəməri infrastrukturunun yaradılmasını nəzərdə tutur.
Layihənin ümumi dəyəri $40 mlrd.-dır.
CQD layihəsinin əsas komponentləri bunlardır: “Şahdəniz” layihəsi üzrə “Mərhələ-2”, Bakı-Gürcüstan-Türkiyə sərhədi Cənubi Qafqaz boru kəməri magistralının genişləndirilməsi, Türkiyənin şərq sərhədindən qərb sərhədinə qədər Trans-Anadolu qaz kəmərinin (TANAP) və Yunanıstan, Albaniya və Adriatik dənizini birləşdirən Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi.
10 mlrd. kubmetr həcmində Azərbaycan qazının Avropaya nəqli 2020-ci ildə gözlənilir. Bundan başqa, 6 mlrd. kubmetr həcmində Azərbaycan qazı Türkiyənin qərb regionlarına nəql olunacaq. Türkiyəyə qaz 2018-ci ilin yayından ixrac edilir.*
F.İsazadə