Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Hərbi Hava Qüvvələrinin (HHQ) aviasiya bazasının yeni komanda məntəqəsinin açılışında iştirak edib.
“Z.Həsənov zenit-raket komplekslərinin heyətlərinin, quru qoşunların hava hücumundan müdafiə bölmələrinin, radio-texniki bölmələrin texniki heyətlərinin məşğələlərini izləyib, S-125 zenit-raket kompleksinin idarəetmə məntəqəsində olub”, - nazirliyin məlumatında deyilir.
Nazir həmçinin uçuşlara nəzarət və idarəetməni yerinə yetirən yeni quraşdırılan naviqasiya sisteminə, HHQ-nin təlim-məşq poliqonunun tədris otaqlarına, eləcə də ərazidəki digər xidməti və inzibati obyektlərə baxış keçirib.
“Z.Həsənova məruzə edilib ki, Türkiyə, İsrail, ABŞ, Fransa, Böyük Britaniya, Norveç və bir sıra digər ölkələrin şirkətlərinin istehsal etdiyi müasir avadanlıq ilə təchiz edilən birləşmiş komanda məntəqəsinin əsas təyinatı müxtəlif növ hərbi aviasiya vasitələrinin uçuşlarının idarəedilməsini, həmçinin döyüş tapşırıqlarının dəqiq və effektiv icrasını fasiləsiz təmin etməkdir”, - nazirlik qeyd edir.
“Super Muşşak” təlim-məşq təyyarələrinə və trenajor zallarına baxış keçirən nazir döyüş hazırlığı səviyyəsinin daha da yüksəldilməsi, hərbi pilotlarımızın peşəkarlığının artırılması ilə bağlı komandanlığa müvafiq tapşırıqlar verib. **
F.İsazadə