Şənbə günü Bakının Xəzər rayonunda sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsində xəsarət alan 7 nəfər hələ də xəstəxanadadır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib.
“Həmin şəxslərdən 4 nəfər reanimasiyadadır, qalan 3 nəfər travmatologiya şöbəsində müalicə alır”, - S.Əhmədova bildirib.
Xəbər verildiyi kimi, aprelin 27-də axşam saatlarında “Man” markalı yük avtomobili yolun kənarında dayanan “Daevoo” markalı sərnişin avtobusu ilə toqquşub. Yük avtomobilinin sürcüsü hadisə yerindən qaçıb.
Qəza nəticəsində avtobusun 29 sərnişini 3 saylı Şəhər Klinik Xəstəxanasına müraciət ediblər. Onlardan 22 nəfərə təcili tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Bu barədə DİN-dən məlumat verilir.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.1-1 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb. Yük avtomobili və avtobus sürücülər Raud Dadaşov və Hüseyn Məmmədov saxlanılıblar. **
R.Babayev