Prezident İlham Əliyev qeyd edib ki, respublikanın kənd təsərrüfatında artım daha da yüksək olmalıdır.
“Hesab edirəm ki, indiki 3,6 faiz artım bizim potensialımızı tam əks etdirmir. Çünki bu qədər işlər görülür – həm meliorativ tədbirlər, həm dövlət tərəfindən dəstək. Bizim istehsalımız və ixracımız böyük dərəcədə artır. Mən hesab edirəm ki, görülmüş işləri və islahatları nəzərə alsaq kənd təsərrüfatında artım daha da yüksək ola bilər”, - deyə dövlət başçısı aprelin 30-da Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Azərbaycanda kənd təsərrüfatı texnoloji sahəyə çevrilməlidir və burada yeni mexanizmlər, o cümlədən aqrar sığorta mexanizmi tətbiq edilməlidir.
“Bununla paralel olaraq, biz kəndlərdə investisiya layihələrinin icrası ilə bağlı düşünməliyik. Mən tapşırıq verirəm ki, Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birgə işləsinlər. Bəlkə işçi qrup da yaradıla bilər ki, kəndlərdə investisiya layihələrinin icrası ilə bağlı təkliflər hazırlansın. Hər bir kənd üzrə belə proqram ola bilər. Biz investisiyaları daha çox şəhərlərə cəlb edirik. Ancaq kəndlərin yeni inkişaf konsepsiyası hazırlanmalıdır”, - deyə İ.Əliyev vurğulayıb.*
Ə.Məmmədov