Azərbaycan 2019-cu ilin yanvar-fevral aylarında Türkiyəyə "Şahdəniz" yatağından hasil edilmiş 1 mlrd. 491,59 mln. kubmetr qaz ixrac edib ki, bu da 2018-ci ilin müvafiq dövrünün göstəricisindən 31,9% çoxdur. Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun məlumatında deyilir.
Fevral ayında Türkiyəyə qaz tədarükünün ümumi həcminin 15,98%-i Azərbaycan qazının payına düşüb.
Bu dövrdə Türkiyəyə 4 mlrd. 275,92 mln. kubmetr (2018-ci ilin fevral ayı ilə müqayisədə azalma 20,87%) qaz ixrac edilib. 2 mlrd. 582,46 mln. kubmetr boru kəməri qazının, 1 mlrd. 693,45 mln. kubmetr isə LNG-nin payına düşüb. Hesabat dövründə Azərbaycanla yanaşı, İran və Rusiyadan da boru kəməri ilə qaz nəqli həyata keçirilib.
2018-ci ildə Azərbaycan Türkiyəyə 7 mlrd. 521,15 mln. kubmetr qaz ixrac edib.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), ARDNŞ (16,7%), "LUKoil” (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.*
N.Abbasova