NATO ilə qarşılıqlı maraqlar çərçivəsində tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsi Azərbaycan Ordusunun hərbi əməkdaşlığının əsas prioritet istiqamətlərindən biridir. Bunu müdafiə naziri Zakir Həsənov deyib.
“Azərbaycan ilə NATO arasında qurulmuş tərəfdaşlıq və müxtəlif sülhməramlı missiyalarda birgə fəaliyyət ölkəmizin Avro-Atlantik məkanda təhlükəsizliyi və sabitliyi təmin etmək üçün göstərdiyi səylərin və xoşməramlı niyyətimizin bariz nümunəsidir”, - deyə Z.Həsənovun Müdafiə Nazirliyinin saytında dərc olunmuş məqaləsində bildirilir.
O qeyd edib ki, Azərbaycan üzləşdiyi çağırışlara baxmayaraq, ilk günlərdən etibarən Kosovoda və Əfqanıstanda NATO-nun başçılığı altında həyata keçirilən əməliyyatlara qatılaraq beynəlxalq sabitliyə nail olmaq üçün töhfəsini verib.
“Əfqanıstan İslam Respublikasında həyata keçirilən Qətiyyətli Dəstək missiyasının bu ölkənin təhlükəsizliyi və davamlı inkişafı, o cümlədən regional və qlobal təhlükəsizlik üçün əhəmiyyətini bilərək biz 2018-ci ildən etibarən Əfqanıstandakı hərbi kontingentimizin sayını 30 faiz artırmışıq. Göstərilən hərbi dəstəyə əlavə olaraq Azərbaycanın Əfqanıstana töhfəsi siyasi, maddi-texniki dəstək, quru-hava tranziti, həmçinin müxtəlif treninqlər, minadan təmizləmə və maliyyə dəstəyi kimi digər qeyri-hərbi yardımları da ehtiva edir”, - deyə Z.Həsənov vurğulayıb.
Nazir deyib: “Biz çox yaxşı dərk edirik ki, qloballaşan dünyada hər bir böhran və ya münaqişə digər ölkələrə təsirsiz ötüşmür və bu kontekstdə Azərbaycan Avro-Atlantik məkanda sülhə və təhlükəsizliyə nail olmaq üçün NATO ilə əməkdaşlıq edir və bundan sonra da edəcəkdir”.
“Təsadüfi deyil ki, Azərbaycan Planlaşdırma və Analiz Prosesinə qoşulan ilk ölkələrdən biridir. Praktiki əməkdaşlığın təməlini təşkil edən bu mexanizm müasir ordu quruculuğunun əsaslarına söykənən müdafiə islahatlarının həyata keçirilməsinə, zəruri əməliyyat uyarlığının təmin edilməsinə və Silahlı Qüvvələrin transformasiyasına töhfə verir”, - deyə Z.Həsənov bildirib.
Onun sözlərinə görə, Azərbaycan Ordusu əməliyyat uyarlığına nail olmaq üçün NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Qiymətləndirmə və Rəy Proqramından səmərəli istifadə edir. Azərbaycan Ordusu 2004-cü ildə proqrama bir bölüklə qoşulmuş, bu gün isə bütün qoşun növlərindən olan bölmələr bu proqrama cəlb edilmişdir.
“Hərbçilərimiz qazandıqları təcrübə ilə təkcə respublika daxilində deyil, həm də digər tərəfdaş ölkələrlə bölüşərək proqramın inkişafına töhfə verirlər”, - deyə müdafiə naziri qeyd edib.*
R.Babayev