Hazırda Azərbaycanın 8 zabiti NATO-nun Tərəfdaşlığın Qərargah Vəzifəsi proqramı çərçivəsində NATO qərargahlarında xidmət edir. Bunu müdafiə naziri Zakir Həsənov deyib.
“Mən NATO-nun Tərəfdaşlığın Qərargah Vəzifəsi proqramını xüsusi ilə qeyd etmək istərdim. 2002-ci ildən bu günədək Azərbaycan Ordusunun ümumilikdə 24 zabiti bu proqram çərçivəsində NATO-nun müxtəlif struktur və qərargahlarında xidmət edib. Hazırda da NATO qərargahlarında 8 zabitimiz xidmət edir. Bu müddət ərzində beynəlxalq mühitdə əldə olunmuş təcrübə zabitlərimizin ölkəyə qayıtdıqdan sonra milli vəzifələrdəki xidmətlərinə müsbət təsirini göstərir. Çoxmillətli strukturlarda əldə edilmiş bilik və bacarıqlar milli təcrübəyə inteqrasiya olunaraq Ordumuzun döyüş qabiliyyətinin daha da inkişaf etdirilməsinə töhfəsini verir”, - deyə Z.Həsənovun Müdafiə Nazirliyinin saytında dərc olunmuş məqaləsində bildirilir.
O qeyd edib ki, NATO-nun müxtəlif əməkdaşlıq proqramları müsbət dəyişikliklər istiqamətində təsirli vasitə kimi özünü göstərir.
“Düşünürük ki, Avro-Atlantik məkanının ümumi sabitliyi və təhlükəsizliyi regional ölkələrin apardıqları daxili islahatlardan və beynəlxalq əməkdaşlıqdan asılıdır. Bizim yaxından iştirak etdiyimiz NATO-nun tərəfdaşlıq mexanizmləri və əməkdaşlıq proqramları Azərbaycanın, eləcə də bütün regionun müdafiə və təhlükəsizlik sahəsində islahatlar üçün çərçivənin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynayır və regional, o cümlədən Avro-Atlantik məkanın təhlükəsizliyini möhkəmləndirir”, - deyə müdafiə naziri vurğulayıb.*
R.Babayev