2020-ci ildə Azərbaycanda "ADEX-2020" IV beynəlxalq müdafiə sərgisi keçiriləcək.Bu barədə Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib.
“İstanbulda keçirilən “IDEF-2019” XIV beynəlxalq müdafiə sənayesi sərgisizamanı 2020-ci ildə Azərbaycanda keçiriləcək “ADEX-2020“ IV beynəlxalq müdafiə sərgisi ilə bağlı nazirliyin nümayəndə heyəti tərəfindən ziyarətçilərə geniş məlumat verildi», - nazirlikdən qeyd ediblər.
Bildirilir ki, nazir müavini Yəhya Musayev sərgidə iştirak edən ölkələrin stendlərini ziyarət etdi, hərbi sənaye sahəsində əldə edilən yeniliklərlə yaxından tanış oldu.
“Türkiyənin “ASELSAN” şirkətinin stendini ziyarət zamanı Müdafiə Sənayesi Nazirliyi ilə bu şirkət arasındakı mövcud əməkdaşlığın inkişafına dair müzakirələr aparıldı. Əldə olunan razılığa əsasən nazirliyin Elmi-Tədqiqat İnstitutu ilə “ASELSAN” şirkəti arasında protokol imzalandı”, - məlumatda qeyd olunur.
“ADEX” Beynəlxalq Müdafiə sərgisi Bakıda 2014-cü ildən etibarən Azərbaycan prezidentinin hamiliyi ilə keçirilir. Sərginin təşkilatçısı Müdafiə Sənayesi Nazirliyidir.**
F.İsazadə