1 may 2019-cu il tarixindən “Azərenerji” ASC Avropa İttifaqı ölkələrinə elektrik enerjisi ixracına başlayıb. Bu barədə “İnterfaks-Azərbaycan”a cəmiyyətin mətbuat xidmətinin rəhbəri Teymur Abdullayev məlumat verib.
“Mayın 1-dən etibarən “Azərenerji” Gürcüstan və Türkiyədən tranzit yolu ilə Yunanıstana elektrik enerjisi ixracına başlayıb. Bundan başqa, Azərbaycan elektrik enerjisinin analoji vasitə ilə Gürcüstan və Türkiyədən tranzit yolu ilə Bolqarıstan, Rumıniya və Macarıstana tədarükü həyata keçirilir”, - T.Abdullayev qeyd edib.
O məlumat verib ki, “Azərenerji” may ayında Yunanıstana elektrik enerjisi tədarükünə dair hərracın beş qalib şirkəti və Bolqarıstanda müvafiq hərracın yeddi qalib şirkəti sırasına daxil olub.
“Gələcək aylarda “Azərenerji” Avstriya və İtaliyaya elektrik enerjisi ixracını təşkil etməyi planlaşdırır”, - T.Abdullayev vurğulayıb.
İndiyədək Azərbaycan elektrik enerjisini Gürcüstan, Türkiyə, Rusiya və İrana ixrac edib. 2019-cu ilin I rübündə ixracın həcmi $38 mln. 438,14 min məbləğində 891 mln. 211,27 min kilovat/saat təşkil edib.
2018-ci ildə Azərbaycandan elektrik enerjisi ixracı $65 mln. 627,72 min məbləğində 1 mlrd. 397 mln. 323,76 min kilovat/saat təşkil edib. **
N.Abbasova