Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Belarus Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi - müdafiə nazirinin birinci müavini general-mayor Oleq Belokonev bu gün Bakıda müdafiə sahəsində yeni böyük layihələrin həyata keçirilməsi istiqamətlərini müəyyənləşdiriblər. Bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir.
“Z.Həsənov və O.Belokonev ölkələrimiz arasında hərbi-texniki əməkdaşlığın geniş spektrini müzakirə edərək Azərbaycan Ordusunun döyüş qabiliyyətinin daha da yüksəldilməsinə yönələn yeni böyük layihələrin həyata keçirilməsi istiqamətlərini müəyyənləşdiriblər”, - deyə məlumatda bildirilir.
Tərəflər Belarusun hərbi-sənaye kompleksi müəssisələrinin istehsal etdiyi bütün qoşun növləri üçün nəzərdə tutulan müxtəlif təyinatlı hərbi məhsulların Azərbaycan Ordusunun silahlanmasına qəbul edilməsini müsbət qiymətləndiriblər.
“Görüşdə Azərbaycan ilə Belarus arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində birgə fəaliyyətin nəticələrindən məmnunluq ifadə edilərək bu istiqamətdə əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb”, - deyə məlumatda qeyd olunur.*
F.İsazadə