Azərbaycan Mərkəzi Bankı (AMB) 2019-cu yanvar-mart aylarında fiziki şəxslər üçün milli valyutada kreditlər üzrə orta faiz dərəcələrinin azaldığını qeyd edir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
2019-cu il aprelin 1-nə milli valyutada kreditlər üzrə orta faiz dərəcəsi 2018-ci ilin yekunları üzrə 14,24%-ə qarşı 14,22% təşkil edib.
Cari ilin mart ayının sonuna xarici valyutada kreditlər üzrə orta faiz dərəcəsi 7,79% təşkil edib, 2018-ci ilin sonuna bu göstərici 8,06%-ə bərabər olub.
Bununla yanaşı, aprel ayının əvvəlinə hüquqi şəxslər üçün milli valyutada kreditlər üzrə orta faiz dərəcəsi 9,28% (2018-ci ilin sonuna 9,3%), xarici valyutada 5,89% (6,13%) təşkil edib.
Hesabat dövrünün sonuna fiziki şəxslər üçün milli valyutada kreditlər üzrə orta faiz dərəcəsi 17,04% (17,11%), xarici valyutada 14,4% (14,67%) təşkil edib.
AMB-nin məlumatına görə, hesabat dövründə milli və xarici valyutalarda cəlb edilən depozit və əmanətlər üzrə orta faiz dərəcələrinin azalması müşahidə olunub.
Xüsusilə mart ayının sonuna milli valyutada depozit və əmanətlər üzrə orta faiz dərəcəsi 9,35% (ötən ilin sonuna 9,58%), xarici valyutada əmanətlər üzrə orta faiz dərəcəsi 2,25% (2,33%) təşkil edib.
31 mart tarixinə hüquqi şəxslər üçün milli valyutada əmanət və depozitlər üzrə orta faiz dərəcəsi 4,86% (5,53%), xarici valyutada 1,45% (1,43%) təşkil edib.
Hesabat dövrünün sonuna fiziki şəxslər üçün milli valyutada əmanət və depozitlər üzrə orta faiz dərəcəsi 9,79% (10,01%), xarici valyutada 2,64% (2,66%) təşkil edib.*
Ə.Məmmədov