16-17 may tarixlərində Bakıda “Fintex Sammit - Maliyyə və Texnologiyalar Sammiti” keçiriləcək. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) məlumatında deyilir.
Sammit Maliyyə Bazarlarına Nəzarət Palatasının təşkilatçılığı ilə keçiriləcək “Maliyyə və rəqəmsal texnologiyalar həftəsi” (13-17 may) çərçivəsində baş tutacaq.
“Rəqəmsal transformasiya əsasında müasir bank sisteminə keçid, ödəniş ekosistemində son trendlər və innovativ ödəniş həlləri, rəqəmsal mühitdə informasiya təhlükəsizliyi və digər mövzuların müzakirə olunacağı bu sammitdə Avropa Banklar Federasiyası, Beynəlxalq Maliyyə Korporasiyası, “VİSA Inc.”, “MasterCard Worldwide”, “American Express”, Ümumdünya Banklararası MaliyyəTelekommunikasiya Sistemi (SWIFT) kimi beynəlxalq təşkilatlarla yanaşı, Amerika Birləşmiş Ştatları, Yaponiya, Çin, Avropa Birliyi və Müstəqil Dövlətlər Birliyi ölkələrindən elektron ödənişlər və rəqəmsal bankçılıq sahəsində qabaqcıl təşkilatlarının nümayəndələri iştirak edəcək”, - deyə məlumatda bildirilir.
Həftə çərçivəsində MBNP, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Azərbaycan Banklar Assosiasiyası arasında maliyyə və rəqəmsal texnologiyaların inkişafı və tətbiqinin genişləndirilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması nəzərdə tutulub.*
Ə.Məmmədov