2019-cu ilin yanvar-mart aylarında Azərbaycan bankları tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə $1,4 mlrd. məbləğində əməliyyat aparılıb ki, bu da 2018-ci ilin müvafiq dövrünün göstəricisinə uyğundur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
“I rübdə banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi $1,4 mlrd. ekvivalentində olub. Bunun $1,1 mlrd.-nı (78,6%) ABŞ dolları ilə aparılmış əməliyyatlar təşkil edib”, - deyə məlumatda bildirilir.
Yanvar-mart aylarında qeyri-nağd valyuta bazarında aparılmış əməliyyatların həcmi $6,1 mlrd. təşkil edib. Valyuta bazarında əməliyyatların 81,2%-i ABŞ dollarında, 18,2%-i digər valyutalarda aparılıb.
I rübdə qeyri-nağd valyuta əməliyyatlarının 38,4%-i banklararası valyuta bazarında (BVB), 61,6%-i isə bankdaxili valyuta bazarında (BDVB) aparılıb.
2018-ci ildə Azərbaycan bankları tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə $7 mlrd. məbləğində əməliyyat aparılıb.*
A.Əzizov