“İsrafil Hüseynov” borudüzən gəmisində partlayış nəticəsində xəsarət alan 14 nəfərdən biri vəfat edib. Bu barədə İtaliyanın “Saipem” şirkəti məlumat verir.
“Kritik vəziyyətdə olan xəsarət alanlardan bir nəfər Fransada xəstəxanada vəfat edib”, - məlumatda deyilir.
Bundan başqa, “Saipem” partlayış nəticəsində xəsarət alan 11 nəfərin Türkiyə, Fransa, İtaliya və Böyük Britaniya xəstəxanalarına aparılmasını təşkil edib.
“Digər xəsarət alanların həyatı üçün təhlükə yoxdur”, - şirkətdən vurğulayıblar.
Xəbər verildiyi kimi, mayın 8-də təqribən saat 18:30 radələrində “İsrafil Hüseynov” borudüzən gəmisində yanğınla nəticələnən partlayış baş verib. İnsident zamanı xarici ölkə vətəndaşları daxil olmaqla 14 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 162.1-ci (texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarının pozulması) maddəsi ilə cinayət işi başlanıb.
İlkin ehtimala əsasən, partlayış gəmidə texnoloji avadanlıqda yaranan nasazlığın aradan qaldırılması məqsədilə aparılan təmir işləri zamanı baş verib.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin balansında olan “İsrafil Hüseynov” borudüzən gəmisi “Saipem” şirkəti tərəfindən icarəyə götürülüb.
Fövqəladə Hallar Nazirliyinin və prokurorluğun təcrübəli əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb. **
R.Babayev