Prezident İlham Əliyev və Belarus Respublikası baş nazirinin müavini İqor Lyaşenko müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğunu qeyd edirlər.
“İ.Əliyev və İ.Lyaşenko arasında bu gün baş tutan görüşdə ölkələrimiz arasında kənd təsərrüfatı ilə yanaşı, maşınqayırma, avtomobil sənayesi sahələrində əlaqələrin perspektivləri müzakirə edilib, Azərbaycan məhsullarının, xüsusilə tütün və şərab ixracının önəmi qeyd olunub və bu sahədə əməkdaşlığımızın genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb”, - deyə dövlət başçısının saytında məlumat verilir.
İ.Əliyev Azərbaycan ilə Belarus arasında ikitərəfli münasibətlərin uğurla və dinamik şəkildə inkişaf etdiyini bildirərək, Belarusun kənd təsərrüfatı məhsullarının keyfiyyətinin yüksək olduğunu vurğulayıb.
İ.Lyaşenko qeyd edib ki, birgə layihələr uğurla həyata keçirilir. O, ölkəmizə səfəri zamanı Azərbaycanda istehsal olunan və birgə istehsalı planlaşdırılan kənd təsərrüfatı texnikası və eləcə də digər nəqliyyat vasitələri nümunələri ilə tanış olduqlarını diqqətə çatdırıb.*
R.Babayev