Heydər Əliyev Beynəlxalq Aeroportu mayın 28-də və 29-da Bakıda UEFA Avropa Liqası Finalının keçiriləcəyi dövrdə çarter reyslərinin yerinə yetirilməsi üçün 45-dən çox müraciəti təsdiqləyib. Bu barədə “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin məlumatında deyilir.
“Bakıda UEFA Avropa Liqası Finalının keçiriləcəyi dövr üçün Heydər Əliyev Beynəlxalq Aeroportu çox sayda təyyarə və sərnişinləri qəbul etmək məqsədilə xüsusi tədbirlər planı hazırlayıb. Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportu mayın 28-də və 29-da çarter reyslərinin yerinə yetirilməsi üçün 45-dən çox müraciəti təsdiqləyib. Buraya, həmçinin 16 biznes aviasiya reysi daxildir, 2 aviareys ilə futbol komandaları və 10 reys ilə klubların fanatları gətiriləcək”, – deyə məlumatda bildirilir.
Həmçinin “Türk Hava Yolları”, “Air Arabia”, “Fly Dubai”, “ISRair”, “Jazeera Airways” və sair kimi xarici aviaşirkətlər əlavə uçuşlar yerinə yetirmək üçün müraciət ediblər.
“Heydər Əliyev Beynəlxalq Aeroportunun buraxılış qabiliyyəti saatda 10 min sərnişin təşkil edir və bununla da əlaqədar olaraq, heç bir aviaşirkətə müntəzəm və çarter reyslərini yerinə yetirməyə rədd cavabı verilməyəcək”, - deyə məlumatda qeyd olunur.
Finalın keçiriləcəyi dövrdə Heydər Əliyev Beynəlxalq Aeroportunda bütün reyslərin maneəsiz yerinə yetirilməsi və terminaldan çox sayda sərnişinin rahat keçməsi üçün bütün şərait yaradılacaq.*
N.Abbasova