Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında keçirilən UEFA 2019 Avropa Liqasının final oyunu və UEFA 2020 Futbol çempionatının oyunları ilə əlaqədar vergi və gömrük güzəştləri və azadolmalarının tətbiqi üçün təsdiqedici sənədin verilməsi Qaydası”nı təsdiq edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
İ.Əliyev cümə axşamı müvafiq fərman imzalayıb.
Qaydalara əsasən, təsdiqedici sənəd Azərbaycan Respublikasının Vergi Məcəlləsi və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş güzəştləri və azadolmaları əldə etməyə əsas verən sənəddir. Azərbaycan Respublikasında keçirilən UEFA 2019 Avropa Liqasının final oyunu və UEFA 2020 Futbol çempionatının oyunları ilə əlaqədar təsdiqedici sənəd yalnız Məcəllədə və Qanunda nəzərdə tutulmuş şəxslərə verilir.
Həmin şəxslərin siyahısını Avropa Futbol Assosiasiyaları Birliyi təsdiq etməli və elektron qaydada AFFA-ya göndərməlidir.
Mayın 29-da Bakı Olimpiya Stadionunda İngiltərənin “Chelsea” və “Arsenal” klubları UEFA Avropa Liqasının finalında qarşılaşacaq. **