Maliyyə naziri Samir Şərifov ABŞ-la iqtisadi əlaqələrin inkişafına mane olan bir sıra amillərin mövcud olduğunu deyib.
"Təəssüf ki, Azərbaycan və ABŞ arasında iqtisadi əlaqələrin uğurla inkişafına bir neçə amil mane olur. İlk növbədə, bu, iki ölkə arasında ticarət əlaqələrini məhdudlaşdıran 907-ci düzəlişdir və ümid edirik ki, ABŞ hökuməti bu düzəlişin aradan qaldırılması istiqamətində işləyəcək", - deyə Ş.Şərifov bu gün Bakıda keçirilən Azərbaycan-ABŞ İqtisadi Əməkdaşlıq Komissiyasının IV iclasında bildirib.
Onun fikrincə, münasibətlərin inkişafına mane olan digər amil Azərbaycan torpaqlarının 30 ilə yaxındır Ermənistan tərəfindən işğal olunmasıdır. "Ermənistanın işğalçılıq siyasəti bütün Cənubi Qafqazın inkişafına da mane olur . Ümid edirəm ki, Dağlıq Qarabağ münaqişəsinin həlli bütün regionun iqtisadi vəziyyətini yaxşılaşdıracaq və Cənubi Qafqazın ticarət potensialının inkişafına kömək edəcək", - deyə nazir qeyd edib.
ABŞ Konqresi tərəfindən "Azadlığa Dəstək" Aktına qəbul edilən və Azərbaycanın rəsmi qurumlarına Amerikanın birbaşa dövlət yardımını yasaqlayan 907-ci düzəliş1992-ci ilin oktyabr ayında qəbul edilib.*
Ə.Məmmədov