ABŞ bir sıra sahələrdə, xüsusilə energetika, nəqliyyat və logistika sahəsində Azərbaycanla əməkdaşlığın inkişafında maraqlıdır. Bunu ABŞ-ın Bakıdakı səfiri Erl Litsenberger deyib.
"ABŞ 27 ildir Azərbaycanın müstəqilliyini və iqtisadi inkişafını dəstəkləyir. Qeyd etmək istərdim ki, bu illər ərzində ABŞ Azərbaycana $1,3 mlrd. məbləğində maliyyə dəstəyi göstərib. Ümid edirik ki, biz bu gün energetika, nəqliyyat və logistika sahələrində konkret nəticələr əldə edə biləcəyik", - deyə o, bu gün Bakıda keçirilən ABŞ-Azərbaycan İqtisadi Əməkdaşlıq Komissiyasının IV iclasında bildirib.
Öz növbəsində, maliyyə naziri Samir Şərifov qeyd edib ki, Amerika şirkətləri Azərbaycan iqtisadiyyatına $13,6 mlrd. investisiya yatırıb, Azərbaycanın Amerika iqtisadiyyatına portfel investisiyaları isə $8,2 mlrd. təşkil edib.
"2018-ci ildə Azərbaycan və ABŞ arasında ticarət dövriyyəsi $860 mln. təşkil edib ki, bunun da $330 mln.-u Azərbaycan məhsullarının ABŞ-a ixracının payına düşüb", - deyə nazir vurğulayıb.*
Ə.Məmmədov