2019-cu ilin yanvar-aprel aylarında Azərbaycana 848,4 min nəfər turist gəlib, bu da 2018-ci ilin analoji dövrü ilə müqayisədə 0,1% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Rusiya Federasiyasından gələn turistlərin xüsusi çəkisi 27,3%, Gürcüstandan - 26,8%, Türkiyədən – 11,1%, İrandan - 8%, Birləşmiş Ərəb Əmirliklərindən – 3,8% təşkil edib”, - Komitədən bildirilir.
Eyni zamanda, turistlərin 69,5%-ni kişilər, 30,5%-ni isə qadınlar təşkil edib.
2019-cu ilin yanvar-aprel aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 7% artaraq 34,2 min nəfərə qədər artıb, MDB ölkələrindən gələnlərin sayı 1% - 282 min nəfərə qədər azalıb.
Ölkəmizə gələn turistlərin 61,1%-i dəmir yolu və avtomobil, 38,1%-i hava, 0,8%-i isə su nəqliyyatından istifadə edib.
Hesabat dövründə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 26,9% - 1 mln. 636,4 min nəfərə qədər artıb. Eyni zamanda, İrana gedən Azərbaycan vətəndaşlarının sayı 39,2%, Gürcüstana gedənlərin sayı 27,2%, Rusiya Federasiyasına gedənlərin sayı 18,3%, Türkiyəyə gedənlərin sayı isə 9,7% artıb.
“Cari ilin yanvar-aprel aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 83,7%-i dəmir yolu və avtomobil, 15,4%-i hava, 0,9%-i isə su nəqliyyatından istifadə edib”, - Komitədən qeyd olunur.**
F.İsazadə