Prezident İlham Əliyev dünya ictimaiyyətini Dağlıq Qarabağ münaqişəsinin həlli və Azərbaycan ərazilərinin işğaldan azad edilməsi üçün Ermənistana təzyiqi artırmağa çağırıb.
“Bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Ancaq işğalçıya kifayət qədər təzyiq göstərilmir. Münaqişənin həlli ilə bağlı ölkəmizin mövqeyi birmənalıdır. Bu münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”, - deyə dövlət başçısı bu gün müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüşdə bildirib.
Prezident xatırladıb ki, beynəlxalq təşkilatlar işğalçı qüvvələrin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmasını tələb edən çoxsaylı qərar və qətnamələr qəbul edib. “Ancaq bu qətnamələr, o cümlədən BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə kağız üzərində qalıb və bu, ikili standartların təzahürüdür”, - deyə İ.Əliyev qeyd edib.
O vurğulayıb ki, Azərbaycanın müsəlman ölkələri ilə əlaqələri uğurla inkişaf edir.
“Biz beynəlxalq təşkilatlar çərçivəsində də çox fəal əməkdaşlıq edirik. Xüsusilə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müsəlman ölkələrinin dəstəyi bizim üçün çox əhəmiyyətlidir”, - deyə dövlət başçısı bildirib.*
F.İsazadə