Azərbaycan XİN başçısı Elmar Məmmədyarov Parisdə Fransa prezidentinin diplomatik məsələlər üzrə müşaviri Filip Etiyen ilə Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə edib.
“Görüş zamanı münaqişənin tezliklə həllinin, Azərbaycanın işğal edilmiş ərazilərinin azad edilməsinin və azərbaycanlı məcburi köçkünlərin öz doğma yurd-yuvalarına geri qayıtmasının bölgədə davamlı sülh və inkişafın təmin olunması baxımından əhəmiyyəti vurğulandı”, - XİN-in məlumatında deyilir.
Qeyd olunur ki, Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzrə aparılan danışıqların cari vəziyyəti haqqında Etiyenə mlumat verib.
Eyni zamanda, həmsöhbətıər Azərbaycan və Fransa arasında ikitərəfli münasibətlərlə bağlı fikir mübadiləsi aparıblar.
“Əməkdaşlığın inkişafından məmnunluqlarını bildirən tərəflər əlaqələrin daha da inkişafında qarşılıqlı yüksək səviyyəli səfər mübadiləsinin intensivləşdirilməsinin zəruriliyini vurğuladılar”, - məlumatda bildirilir.
Həmçinin, Məmmədyarov və Etiyen beynəlxalq gündəlik məsələləri müzakirə ediblər. **
F.İsazadə