"Azərbaycan Sənaye Korporasiyası" (ASK) ASC ilə Belarus Respublikasının "Belqospişeprom" konserni arasında qarşılıqlı əməkdaşlıq haqqında niyyət protokolu imzalanıb. Bu barədə korporasiyanın məlumatında deyilir.
Protokol 15-17 may tarixlərində Bakıda keçirilən XXV Azərbaycan Beynəlxalq Qida Sənayesi - "WorldFood Azerbaijan" sərgisi çərçivəsində imzalanıb.
Sənədi Azərbaycan tərəfindən korporasiyanın baş direktoru Kamran Nəbizadə, Belarus tərəfindən konsernin sədri Aleksandr Zabello imzalayıb. Bu sənədin məqsədi "Azərtütün Aqrar Sənaye Kompleksi" MMC ilə "Belqospişeprom" konserninin nəzdində fəaliyyət göstərən "Qrodnenskaya tabaçnaya fabrika "Neman" ASC arasında tütün məhsullarının ixracı üzrə müqavilənin imzalanması, bu ilin iyun-iyul aylarında qarşılıqlı səfərlərin təşkili, məhsul istehsalı sahəsində müəssisələr arasında təcrübə mübadiləsi, "Qrodnenskaya tabaçnaya fabrika "Neman" ASC-də tütün məmulatlarının istehsal prosesi ilə tanışlıq və birgə istehsal layihələrinin həyata keçirilməsi istiqamətində imkanların araşdırılması barəsində razılığın əldə olunmasıdır.
Azərbaycan prezidenti İlham Əliyev 6 noyabr 2017-ci il tarixində “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin yaradılması haqqında fərman imzalayıb. “Azərbaycan Sənaye Korporasiyası” dövlət əmlakının idarə edilməsinin səmərəliliyini artırmaq, korporativ idarəetmə prinsiplərinə əsaslanan hesabatlılıq və nəzarət sistemini formalaşdırmaq, dövlətə məxsus müəssisələr arasında əlverişli kooperasiya əlaqələrinin yaradılmasına və istehsal potensialının dəyər zəncirinin həlqələri üzrə artırılmasına nail olmaq məqsədilə yaradılıb. Cəmiyyətin nizamnamə kapitalı 500 mln. manat təşkil edir.*
B.Rüstəmbəyov