Azərbaycan ölkə iqtisadiyyatına ABŞ-ın birbaşa investisiyalarının cəlb olunacağına ümid edir. Bunu maliyyə naziri Samir Şərifov deyib.
"Hökumətlərarası komissiyanın iclasında biz bir sıra əməkdaşlıq perspektivlərini müzakirə etdik. Azərbaycan ABŞ ilə ticarət dövriyyəsinin artırılmasında çox maraqlıdır. Bu, həm ixraca, həm də idxala aiddir. Bundan əlavə, biz qarşılıqlı investisiya qoyuluşlarında, xüsusilə ABŞ tərəfindən Azərbaycan iqtisadiyyatına birbaşa investisiya qoyuluşlarında maraqlıyıq", - deyə o, bu gün jurnalistlərə bildirib.
Öz növbəsində, ABŞ-ın Bakıdakı səfiri Erl Litsenberger qeyd edib ki, ABŞ kənd təsərrüfatı sahəsində əməkdaşlığa müsbət yanaşır. “Konkret layihələrə gəlincə, bu yaxınlarda Çikaqoda kənd təsərrüfatı sahəsində böyük tədbir keçirilib. Tədbirdə nazir İnam Kərimovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti iştirak edib. Bu həftə isə Bakıda ABŞ-ın 7 aparıcı şirkətinin iştirakı ilə iri kənd təsərrüfatı sərgisi keçirilib. Hesab edirəm ki, kənd təsərrüfatı sahəsində əlaqələrin gücləndirilməsi üçün böyük potensial var", - deyə səfir vurğulayıb.*
Ə.Məmmədov