Azərbaycan Mərkəzi Bankı (AMB) maliyyə xidmətləri və məhsullarının mərkəzləşdirilmiş axtarış sistemini işə salır.
Bu gün Bakıda təqdimatı keçirilən sistem “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” çərçivəsində yaradılıb.
AMB-nin İqtisadi maarifləndirmə şöbəsinin rəisi Ülkər Babayeva təqdimatda jurnalistlərə bildirib ki, sistem yaxın günlərdə istismara veriləcək, iyul ayında isə onun mobil versiyası işə salınacaq.
“Hazırda təhlükəsizliklə bağlı bəzi xırda düzəlişlər edirik, buna görə də yaxın günlərdə sistem istifadəçilər üçün açıq olacaq”, - deyə o bildirib.
Şöbə rəisi əlavə edib ki, hazırda sistemə yalnız ölkə ərazisində fəaliyyət göstərən banklar qoşulub. Yaxın gələcəkdə axtarış sistemində maliyyə bazarının digər subyektlərinin məhsul və xidmətləri də əlçatan olacaq.
“Hələlik sistem 20-dən çox bankın məhsul və xidmətlərini əhatə edir. Gələcək BOKT-lar, ödəniş agentləri və maliyyə xidmətləri göstərən digər strukturlar da sistemə qoşulacaq”, - deyə Ü.Babayeva qeyd edib.
Gələcəkdə AMB sistem vasitəsilə bu və ya digər məhsulun onlayn sifarişini də reallaşdırmağı planlaşdırır.*
Ə.Məmmədov