Çərşənbə axşamı Bakıda Azərbaycan Milli Elmlər Akademiyası ilə Rusiya Elmlər Akademiyası arasında elmi-texniki əməkdaşlıq haqqında saziş imzalanıb. Bu barədə AMEA-dan məlumat verilir.
Sənədi AMEA-nın prezidenti, akademik Akif Əlizadə və REA-nın prezidenti, akademik Aleksandr Sergeyev imzalayıblar.
“Sənəddə elm və texnologiyaların prioritet istiqamətləri üzrə birgə elmi və elmi-texniki layihələrin hazırlanması və həyata keçirilməsi, bilik, təcrübə və informasiya mübadiləsi, yüksəkixtisaslı kadrların hazırlanması, birgə tədbirlərin keçirilməsi kimi məsələlər öz əksini tapıb”, - məlumatda qeyd olunur.
Əlizadə vurğulayıb ki, əldə olunan razılıq “Azərbaycan ilə Rusiya arasında elmi əməkdaşlığın möhkəmləndirilməsinə” imkan yaradacaq.
Sergeyev gələcək perspektivlərdən söz açaraq bildirib ki, Xəzərin mineral ehtiyatları, biomüxtəlifliyi, ekoloji problemləri, Xəzər dənizinin iqlim və demoqrafik şəraitə təsiri, neft kimyası, nanotexnologiyalar, kosmik tədqiqatlar, tibb və farmakologiya, tarix, arxeologiya kimi elmi sahələrin prioritet istiqamətlərdir. **
R.Babayev