2018-ci ildə vergi ödəyiciləri tərəfindən dövlət büdcəsinə artıq ödəmələrin həcmi 21,4% - 2 mlrd. 1 mln. 221,6 min manatadək azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
“2018-ci ildə vergi ödəyiciləri tərəfindən dövlət büdcəsinə artıq ödəmələrin həcmi 21,4% və ya 543,666 mln. manatadək azalıb”, - deyə məlumatda bildirilir.
2018-ci ilin IV rübündə dövlət büdcəsinə artıq ödəmələrin həcmi əhəmiyyətli dərəcədə - 580 mln. manat azalıb. Ötən ilin yanvar-sentyabr aylarında isə onların həcmi 35,772 mln. manat artıb.
1 yanvar 2019-cu il tarixinə olan vəziyyətə görə, artıq ödəmələrin strukturunda 94,3% (1 mlrd. 886 mln. 760,7 min manat) qeyri-neft sektorunun, 5,7% (114 mln. 460,9 min manat) neft sektorunun payına düşüb. 2018-ci ildə onların həcmi müvafiq olaraq 417,936 mln. manat və 125,73 mln. manat azalıb.
Hökumətin məlumatına görə, 2019-cu il yanvarın 1-nə dövlət büdcəsinə vergi borclarının məbləği 1 mlrd. 104 mln. 240,3 min manat (ötən il ərzində artım 3,8%) təşkil edir. Bununla yanaşı, 828 mln. 724,8 min manat (azalma 1,8%) əsas borcun, 115 mln. 218,4 min manat (azalma 21%) maliyyə sanksiyalarının, 160 mln. 297,1 min manat (artım 2,2 dəfə) cərimələrin payına düşür.
Beləliklə, cari ilin əvvəlinə vergi ödəyiciləri tərəfindən dövlət büdcəsinə artıq ödəmələrin həcmi vergi ödəyicilərinin dövlət büdcəsinə vergi borclarının həcmindən 1,8 dəfə çoxdur.*
A.Əzizov