Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan əmindir ki, Azərbaycan-Türkiyə əməkdaşlığı regionda və regiondan kənarda sülh və sabitliyə töhfə verir.
Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevi mayın 28-də qeyd olunan milli bayram – Respublika Günü münasibətilə təbrik edib.
“Bir millət, iki dövlət” şüarı ilə genişlənən strateji münasibətlərimizin daha da güclənməsi istiqamətində qətiyyətli olduğumuzu bir daha vurğulamaq istəyirəm. Qarşıdakı dövrdə də sıx əməkdaşlığımızın regionumuzda və regionumuzdan kənarda sülh, rifah və sabitliyə mühüm töhfə verəcəyinə səmimi qəlbdən inanıram”, Azərbaycan prezidentinin saytında dərc olunan Türkiyə liderinin təbrik məktubunda deyilir.
O qeyd edib ki, dost və qardaş Azərbaycanın müstəqilliyini bərpa etməsindən bu günə qədər keçən müddət ərzində bütün sahələrdə qazandığı böyük uğurlar Türkiyə üçün də qürur mənbəyidir. “Uzaqgörən liderliyiniz sayəsində Azərbaycanın bu nailiyyətlərinin artaraq davam edəcəyinə inamımız qətidir”, - Ərdoğan bildirib.
O, Əliyevə cansağlığı, Azərbaycan xalqına əmin-amanlıq və rifah diləyib.
F.İsazadə